Türkiyənin müdafiə sənayesi ötən il 12 milyard 196 milyon dollar gəlir əldə edib. Son gələn sifarişlərin böyüklüyü isə 8 milyard 797 milyon dollar olaraq açıqlanıb.
Hafta.az-ın yazdığına görə, son zamanlar müdafiə sənayesində məhsula çevrilən platforma və sistemlərin sayının artması qəbul edilən sifarişlərdə və ixracda da özünü göstərib. SASAD-ın Fəaliyyət Hesabatına görə, 2022-ci ildə alınan 8 milyard 797 milyon dollarlıq yeni sifarişin 2 milyard 234 milyon dolları hərbi aviasiya, 2 milyard 281 milyon dolları isə silah, sursat və raketlərdən ibarət olub.
Məlumata görə, əsasən yerüstü nəqliyyat vasitələri üçün platformalardan ibarət 1 milyard 784 milyon dollarlıq sifariş qəbul edilib. Oxşar proqnoz ixrac məlumatlarında da öz əksini tapıb. 2022-ci ildə xaricə satışın 1,2 milyard dollarını mülki aviasiya, 546 milyon dollarını hərbi aviasiya, 835 milyon dollarını quru nəqliyyat vasitələri, 686 milyon dollarını silah-sursat və raketlər təşkil edib.
Türkiyənin müdafiə sənayesi dövriyyəsi 2022-ci ildə 12 milyard 196 milyon dollara çatıb. Bunun 4 milyard 396 milyon dolları xaricə mal və xidmətlərin satışından əldə olunub. Sektorun davamlılığı üçün mühüm göstərici olan yeni sifarişlər 8 milyard 797 milyon dollar səviyyəsinə çatıb. Sifariş səviyyəsi əvvəlki ilə nisbətən 2,58 faiz artıb. Sifarişlərin əksəriyyətinin xaricdən olması diqqət çəkib. 2022-ci ilin sifarişlərinin 4 milyard 23 milyon dolları daxili, 4 milyard 774 milyon dolları isə xaricdən alınıb. Xaricdən alınan sifarişlərin 70 faizinin son müştəridən olması mühüm əhəmiyyət kəsb edir, çünki ən yüksək əlavə dəyəri olan istifadəyə hazır məhsullar ixrac olunur.
Müdafiə sənayesi ən çox Ar-Ge sərmayəsi yatıran sektor olaraq qalmağa davam edir. 2 milyard 61 milyon dollarlıq sərmayənin 18 faizi texnologiyanın, 82 faizi isə məhsulun inkişafına sərf olunub. 2022-ci ildə sektorun Ar-Ge-yə yatırılan kapital sərmayəsi 638 milyon dollar təşkil edib. Sənayenin ekosisteminin böyüməsinin əlamətlərindən biri kimi qəbul edilən KOM-ların dövriyyədəki payı da əvvəlki illə müqayisədə xeyli artıb.
Bunda metodologiya dəyişikliyi ilə yanaşı sorğunun xarakteri də rol oynayıb. KOM-lar 2021-ci ildə 532 milyon dollar olaraq ölçüldüyü halda, 2022-ci ildə KOM dövriyyəsi 3 milyard 380 milyon dollara yüksəlib. Dövriyyənin 30,5 faizi mülki aviasiya, 24 faizi isə hərbi aviasiyanın payına düşüb. Türkiyə müdafiə sənayesinin ən güclü olduğu quru platformalarında KOBİ-lərin payının çox az olduğu da özünü göstərib.